2012-01-13

Zəmanə neyləsin?

Füzuli babamıza: - Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdəm yox, düşmən qəvi, tale zəbun, - söylətdirən və “Şikayətnamə”sini yazdıran zəmanə, bəlkə, dünyada heç kəsdən görmədiyi hörməti də bizdən görüb və görməkdədir. 
 
Bu hörməti biz oğul övladımıza “Zaman”, qız övladımıza “Zəmanə” adları verməyimizlə bu gün də yaşadırıq. Zəmanəni düzəltmək üçün ən çox cəfa çəkənlər də Mirzə Cəlil və Sabir kimi ədiblərin simasında bizlər olmuşuq. Lakin nə zəmanə insanların istədikləri kimi olub, nə də ondan edilən giley-güzarlar azalıb. Bütün dövrlərdə olduğu kimi, günümüzdə də zəmanədən, yaşadığımız dövrdən gileylənməyən tapmaq ondan razı olanı tapmaq qədər çətindir. Kim isə ayağının altına baxmadan yeriyir, yıxılır, durub zəmanəni qınayır, guya yollardakı çala-çuxuru zəmanə qazıyıb, ayağa ilişən daş-kəsəyi zəmanə tullayıb yollara.
Birisi bir deyil, beş deyil, həftə səkkiz mən doqquz, yeyib-içib, tinini düzəldib, gecədən xeyli keçmiş gəlir evinə, arvad-uşaq da bezib durur üzünə. Eşidən-bilən deyir: - Zəmanə gör nə qədər xarab olub ki, arvad-uşaq atanın üzünə durur. Deyənin ağzını çapmayacaqsan ki.
Hələ bu harasıdır? Uşaqlarının hansı sinifdə oxuduğunu belə bilməyən valideyn məktəb və müəllimi tutur tənqid atəşinə: - Bizim dövrümüzdə elə bilərdik ki, müəllim çörək yemir. İndiki uşaqlar müəllimin yanından keçəndə başlarından papaqlarını belə çıxarmırlar. Gör məktəb, müəllim nə günə qalıb, qardaş. Belə də zəmanə olar? Hansı birinin yaxasını tutub deyəsən ki, sənin atan az qala müəllimi pir sayan filankəs idi, müəllimini görəndə papağını soyunmayan uşaq isə sənin oğlundur. Ot kökü üstündə bitmir? Həyətində bir pişik belə saxlamayan, gününü küçələrdə təsbeh çevirməklə və ya köşklərdə nərd, domino, nə bilim nə oynamaqla keçirib, torpağın gözünü saraldan kəndli zəmanədən nə istəyir, bilmirəm. Bığ yerləri tərləməmiş birisi maşınını “zmeykalayıb” səni yayda toza basıb, yazda, payızda üst-başını palçıqla naxışlayıb heç nə olmamış kimi şütüyürsə, zəmanə neyləsin, hə? Piyadalar üçün nişanlanmış yerlərdən keçməyə adamın ürəyi gəlmir. Biri səni görüb saxlayır, beşi isə həyatına meydan oxuyur. Belə sürücülərə qaydaları zəmanə oxutmalıdır, yoxsa öz vicdanları? Dükanı üçün qayda-qanunla ayrılan yerlə kifayətlənməyib, səkiləri də “işğal edərək” piyadaları özlərinə yol axtarmağa vadar edən satıcıları zəmanə məcbur edir bu hərəkətə, yoxsa tamahları? Ruzi Allahdan qədərdir. Kimin qisməti nədir, onu qazanacaq. Heç bənövşə güllər arasından başını qaldırıb: - Gəlin, məni qoxulayın, - deyirmi? Bənövşə hər zaman utancaq, təvazökardır. Qədirbilənlər onu heç vaxt qanqalla səhv salmazlar. Sevgini salfetka kimi ucuzlaşdıran müasir məcnunlar daha gözəl bir Leyli görən kimi “səhvini düzəltmək” sevdasına düşüb, birinin bədbəxtçiliyi üzərində öz xoşbəxtliyini qurmağa çalışırsa, zəmanə neyləsin?
 Ailədə çöp sınan kimi gəlinin ipini oğula çəkdirən və qığılcımdan alov yaradan qayınata və ya qayınana zəmanədən nə istəyirlər? Odun üstünə su tökərlər, ya yağ? Əlindən iş gəlməyən gəlinini oğluna sevdirmək üçün xörəyi özü bişirib, gəlinin adına çıxan analarımız necə oldu? Onların zəmanəsi olmayıb? Dua edərkən: - Allah hamının balasını saxlasın, onların arasında mənim balalarımı da, - deyən analar, Allahım, bizi doyurdun, bütün acları da doyur, - deyib süfrə duası tutan atalar hansı zəmanədə qaldı?
 Qarşıdan “Qanlı Yanvar” gəlir. Ardınca “Xocalı” gələcək. Arxasınca da həyatımızda heç belə faciəli günlər olmamış kimi yaşanan adi günlər. Yenə insan insanımızı acılayacaq, kimin harada işləməsi, haradan və kimlərdən olması soraqlanacaq. Yenə kimlərsə vəzifə borcunu vətəndaşın cibinə girməkdən ibarət olduğuna öz varlığı kimi inanaraq qanımızı qaraldacaq, uğrunda qan tökdüyümüz, can verdiyimiz müstəqilliyimizə xəcalət verəcək. Öz insanımıza hörmət etməkdə tənbəllik göstərən bizik, yoxsa zəmanə?
 İraq olsun, hüzn düşən evlərdə bir il sərasər radio oxudulmaz, televizor seyr edilməzdi, deyib-gülməyə üşənərdilər. Sözümüzə qüvvət, uşaqlıq illərindən yadımda qalan bir xatirəni danışmaq istərdim. Kəndimizdə üç bacı vardı. Hər üçü də “şikəstə”çi idi. “Kəsmə şikəstə”ni deyirəm. Bacılardan birinin şikəstəsini həyat yoldaşının sağlığında eşitmişdim. Özüm də uşaqlıqdan az-çox oxumaq həvəskarı olduğum üçün rəhmətliyin səsi indi də qulaqlarımdadır. Elə bil ikinci Fatması idi şikəstənin. O, oxuyanda özünü tuta bilən olmazdı, hamı ağlardı. Sonradan onu dəfələrlə şikəstə oxumağa məcbur edənləri görmüşəm. Bu gözəl səs və sarsılmaz vəfa sahibi rəhmətlik ərini nəzərdə tutaraq: - Mənim şikəstəm Rüstəmlə dəfn olunub, - deyərdi. Bir gözümüz güləndə birisi ağlamalı olduğu halda, qəhqəhələrimiz ilə dünyanı diksindirməyə bizi zəmanə məcbur edir?
 Fəsillərə, mərasimlərə yaraşan libas geyinib zahirimizi, Avropanın xətrinə dilimizi belə dəyişməyi bacarmayanımız yoxdur. Mənəviyyatımıza gəldikdə isə əcnəbiləri özümüzə güldürürük desəm, inanın. Xəstələrimiz müalicə olunmaq üçün, cavanlarımız oxumaq və işləmək üçün kütləvi şəkildə xarici ölkələrə getməyə can atırlarsa, zəmanə başına haranın külünü töksün?..
Fərqinə varmadan tənqid etdiyimiz, yaxasını yırtdığımız  zəmanə, əsr o qədər müqəddəsdir ki, uca kitabımız Quranda zeytun və əncir kimi ağaclarla yanaşı, ona da and içilir. Kəm-kəsirlərimizə ğörə zəmanə, dövran günahkar deyil. Günahkar hər gün aynaya yalnız xarici görünüşü üçün narahat olub baxan, bircə dəfə də olsun daxilimizə boylanmayan bizlərik. Fəzilətimizi daşımağa mənəvi gücümüz çatmadığı üçün “Həyət əyridir, inəyi sağa bilmirəm”  misalı yüklənirik zəmanənin boynuna. Bu dünya qonşumuz Əhmədin soyumağa qoyduğu dovğa kimidir. Əhməd kişi dovğa xəstəsi idi. Bir yay axşamı təsərrüfatında işləyib gələn Əhməd kişi həyətinə girən kimi sevimli xörəyi dovğanın ətrafa yayılan ətrindən bihuş olur. Yuyuna-yuyuna deyir: - Mənim üçün bir böyük boşqab doldurub qoyun bayıra bir az odu alınsın. Əvvəlcə çaydan doyum, sonra dovğamı içərəm. Əhməd kişi birmərtəbəli evin eyvanında çaydan doyunca qaş qaralır, dovğa yaddan çıxır. Bir ara səslənir: - Gətirin görüm dovğanı. Boşqabı gətirmək üçün gedən bilmir ki, Əhməd kişiyə nə desin, necə desin. Odu alınmaq üçün həyətdəki stolun üstünə qoyduqları dovğanı kiminsə iti içib, boşqabı da elə yalamışdı ki, elə bil bu qaba heç nə tökülməyibmiş.
Həyat gözəl yaşandıqca gözəlləşir, gözəllikdən gözəlliklər yaranır. Özü də həyat hər anı gözəl yaşandıqda gözəl olur. Gözəl insan Avropada da gözəldir, Azərbaycanda da. Gəlin bir-birimizə gözəl baxaq, bir-birimizi gözəl görək, bir-birimiz haqqında gözəl düşünək, zəmanəmizin gözəlliklərini canımıza hopdura bilək ki, biz dünyanı, dünya da bizi gözəl görsün. Bunu sonraya qoysaq, qarşımıza Əhməd kişinin dovğa qabı kimi boş qab qoyulacaq. Allah qorusun!

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?