2012-01-12

Ürək möcüzəsi

alt
Ürəyimdən kiçik bir əməliyyat keçirmişdim. O əsnada ürək möcüzəsinə və ürəkdəki İlahi imzaya xüsusilə şahid olmuşdum.
Bu İlahi nemət qarşısında heyrətimi gizlədə bilmədim.
Vücudumuzda ürəyimiz dayansa nə olar?
Və ya insanlar ürəksiz olsa nə olar?
Bu iki sualı insan özündən soruşmalıdır. Əlbəttə ki, cavabı da çətin deyil.
Biri ölümə, digəri də ictimai böhrana aparar.
Yəni Uca Allah, iki cür ürək yaratmışdır. Biri maddi, digəri də mənəvi qəlbdir.
Bəs insan üçün, hər şey olan qəlbimizə sahib olduğumuzdan ötrü nə etməliyik?
Bu möcüzə orqanı, ən mükəmməl və ən ahəngli şəkildə yerləşdirən və işlədən Allaha necə şükr etməliyik?
Bunun vacibliyini dərk etmək üçün əvvəlcə ürəyimizi tanıyaq:
Ürəyimiz, sinə boşluğunun sol tərəfində, iki ağciyər arasında, yumruq böyüklüyündə və təxminən 270 qram ağırlığında bir orqandır.
Cəsədimizə həyat paylayan və dayanmadan qan vuran ürəyimizin qiyməti, əlbəttə ki, bir ət parçası qədər deyil.
Ürək, xüsusilə ayrılmış yerdə rahat çalışmaq üçün “perikard” deyilən iki ayrı pərdə ilə örtülmüşdür. Bu iki pərdənin arası “perikard mayesi” ilə doludur. Bu mayenin sayəsində ürək, digər orqanlara dəymədən rahat işləyə bilir. Pərdələrdən ifraz edilən bu mayenin miqdarı isə çox vacibdir. Çox miqdarda ifraz edildikdə ürək yorulur, az ifraz edildikdə isə ürək rahat işləyə bilmir. Bu ifraz hüceyrələrinin, şübhəsiz ürəyimizin zərif mexanizmini bildiyini düşünmək olmaz.
Ürək dörd əsas şöbədən ibarətdir. Sağ tərəfdəki şöbədə kirli, sol tərəfdəki bölmədə isə təmiz qan əməliyyatdan keçir.
Vücuddan gələn kirli qan sağ qulaqcıqda yığılır. Qulaqcıq tamamilə dolduqdan sonra, aradakı üçlü qapaq açılır və yığılan kirli qanın hamısı sağ qarıncığa keçərək oradan təmizlənmək üçün ağciyərə göndərilir. Burada qapaqlar o qədər müntəzəm işləyir ki, qanın geri qayıtması mümkün deyil. Ancaq kiçik bir geri qayıtma, insanın nəfəs almasında çətinlik törədə bilər. Qapaqlar da elə qəribə yerləşdirilib ki, ancaq qanın gediş istiqamətində açılır və qanı daim irəli getməyə məcbur edir. Qanın geriyə doğru vurduğu təzyiqlə bağlanırlar. Ağciyərlərdə təmizlənən qan, sol qulaqcığa və oradan da sol qarıncığa keçir. Burada yığılan qan, ürəyin büzülməsi sayəsində bütün vücuda yayılır.
Qan, vücudun hər hüceyrəsinə 13 saniyə qədər çox qısa bir vaxtda çatır. Bunun üçün ürək, dəqiqədə 80, saatda 5000 və gündə təxminən 100 min dəfə vurmaqdadır. 60-70 illik bir ömürdə, 250 min ton qanı vücudun dörd bir tərəfinə göndərməkdədir.
Ürəyin bu vuruşları çox nizamlı və müntəzəmdir. Günün hər saatında belə olduğu kimi, ömür boyu da bu formada vurar. Hətta nizamlı nəfəs alıb vermək belə, ürəyin müntəzəm işləməsindən asılıdır. Vücudun qidalanması və toxumaların oksigen qəbul etməsi də ürəyin müntəzəm çalışması ilə mümkündür.
Ürəyin maddi bədənimizə həyat verdiyi kimi, mənəvi duyğu və hislərə də rəhbərlik etdiyi və bəslədiyi qəbul edilməkdədir. Son illərdə, elm adamları tərəfindən sinə boşluğunda, ürəyin yanında, üçüncü bir sinir sisteminin varlığı haqqında çox danışılır. Buna nümunə olaraq beş duyğu orqanı ilə qəbul olunmayan; ancaq hislərlə anlaşıla bilən bəzi hadisələri verə bilərik. Bu durumda ürək o hadisəni yoğurub, özünə xas bir sintezlə meydana çıxarmaqdadır.
Xarici dünyadan gələn kədər, hüzün, sevgi, sevinmək kimi təsirlər, sinir sistemi ilə beynə çatdırılır; ancaq bunların təzahürləri, əksləri və insanın bu hadisələrə əks-reaksiyası çox müxtəlifdir. Demək olar ki, sinir sisteminin məlum reaksiyalarından başqa bu duyğulara qaynaq olan bir sistemin varlığı da aşkardır.
Ürəyin ömrünü azaldan, kədər, stress və zərərli vərdişlər olduğu kimi; qəlbi qidalandıran da sevgi, mehribanlıq, inanc və təvəkküldür. Məşhur psixoloq doktor Mazhar Uzmanın dediyi kimi: “İnanc, sinirləri və qəlbi mühafizə edən bir zireh kimidir.”
Ürək kimi möcüzəvi bir orqanı vücudumuza qoyan Zatı tanımamaq, Onun mesajlarını dinləməmək və bu çox dəyərli hədiyyəni bir ət parçasından ibarət görmək, çox qorxulu bir xəta olar.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?