2012-01-12

Gözlənilən xilaskar

alt
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz ayaqları üzərində dayanacaq.
Bəşəriyyət tarixinin 18-ci əsri özündən, öz mənliyindən və öz mədəniyyətindən uzaqlaşanların, 19-cu əsr müxtəlif ideologiyaların arxasınca düşüb fərqli xəyallar quranların, keçmişinə xor baxanların, 20-ci əsr tamamilə əcnəbiləşənlərin, öz mənəvi sərvətlərini inkar edənlərin, bütün ümidlərini xaricə bağlayanların, rəhbərlərini və qurtarıcılarını başqa ölkələrdə axtaranların çağı olub. 21-ci əsr isə ötən çağların əksinə olaraq öz mənliyinə, kökünə, mənəvi zənginliyinə, mədəniyyətinə bağlı olanların və Haqqa inananların, güvənənlərin dövrü olacaq. Bu baxımdan yeni dövrü intibah əsri adlandıra bilərik.
Bəli, öz nəfsini mühakimə etməyənlərin, əcnəbi fantaziyalar quranların, yabançı ideologiyaların əsiri olanların arasında düşünən, mühakimə edən, ağıl qədər təcrübəyə, təcrübə qədər ağıla, hər ikisi qədər də ilhama və vicdana inanan, güvənən yeni insanlar dünyaya gələcək. Bu insanlar mükəmməli axtaracaq, həm dünya, həm də axirət üçün müvazinəli şəkildə çalışacaq, məntiqi və qəlbi eyni teldən çalacaq.
Təbii ki, bu insanların doğulması asan və rahat olmayacaq. Hər doğum kimi bu da sancılı və sıxıntılı, ancaq nəticəsi etibarilə sevincli olacaq. Bütün maneələrə baxmayaraq, bu yeni nəsil mütləq gələcək, ayüzlü Xızır kimi aramızda var olacaq. Sıxışmış və üst-üstə minmiş buludların arasından süzülüb gələn rəhmət kimi, yerin dərinliklərindən suyun fışqırıb çıxdığı kimi, əriyən qar-buzun arasından boylanan qar çiçəkləri kimi bu insanlar da ya bu gün, ya da sabah mütləq gələcəklər...
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz ayaqları üzərində dayanacaq. O, əsl şəxsiyyətdir: kimsəyə əyilməyən, əqidəsindən dönməyən, Haqqın yanında olan, ədalətsizliyə qarşı mübarizə aparan, insanları, hətta yaradılan bütün canlı-cansız varlıqları onları Yaradandan ötrü sevən şəxsiyyət... Yəni o, bütün varlığa qarşı sevgiylə doludur, xüsusilə də insana, insani dəyərlərə qarşı olduqca həssasdır. O, bütün varlığıyla şəfqətlidir.
Qərbin “müasir standartları”, zahirən cəlbedici, ancaq bayağı olan mədəniyyəti onlar üçün maraqlı və çəkici deyil. Əksinə, onlar əllərindən gəldikcə bu gözaldadan “gözəlliklərdən” uzaqlaşırlar. Yeni insanın istiqamətini heç bir mənəviyyata zidd ideologiya dəyişdirə bilməz.
Yeni insanın düşüncəsi və iradəsi azaddır, o, sərbəstdir. Onun azadlığını məhdudlaşdıran nə puldur, nə mülkdür, nə də kimdənsə asılılıq. O, yalnız və yalnız Haqqa kölədir. Ona görə də o, Haqq yolunda olmağı, Haqq yolunda yaşamağı, Haqq yolunda ölməyi həyatının qayəsinə çevirəcək.
O, həm də müasiri olduğu çağın bütün texnoloji imkanlarından faydalanmağı biləcək. O, dünyagörüşü etibarilə çox zəngin və hərtərəflidir. O, doymaq bilməyən elm aşiqidir...
Yeni insan indi ya yoldadır, yaxud da qapımızın astanasında. Bəlkə də, o, indi aramızdadır.

             Siz necə düşünürsünüz?

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?