2012-01-12

Allah-Təalaya yaxınlaşma fürsəti

alt
Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz
“Qurban” sözünün lüğətdə hərfi mənası “yaxınlaşmaq, Allaha yaxınlaşmaq üçün bir yol”dur. İslam dinində isə bu söz termin kimi “ibadət niyyəti ilə İslam qaydalarına uyğun heyvan kəsmək” deməkdir. Qurban bayramı günlərində (ilk üç gündə) Allah rizası üçün kəsilən qurbana “udhiyyə” deyilir.
Qurban kəsən dini məsuliyyətdən qurtular
Qurban kəsən şəxs dini məsuliyyətdən qurtular. Vacib olan bu ibadət əlbəttə ki, axirət məhkəməsində soruşulacaqdır. Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz. Vacib fərzə bir addım yaxınlıq deməksə, məsuliyyəti çox olan bu ibadətin əhəmiyyətini heç kim inkar edə bilməz.
Qurban xəsislik xəstəliyini müalicə edir
Qurban bəzi varlılardakı xəsislik xəstəliyini müalicə etmək üçün ən təsirli dərmandır. Qurban varlılarda malını Allahın razılığını qazanmaq üçün vermə kimi bir peyğəmbər adətini, vərdişini formalaşdırır. Qarşılıqlı əl tutmağa təşviq edir və bunun ləzzətini vicdanlarında hiss etdirir. Beləcə xəsislik xəstəliyindən, dünya malına olan hərislikdən xilas edir.
Qurban ibadətinə əhəmiyyət verməmənin hökmü
Qurban ibadətinə əhəmiyyət verməmənin dini cəhətdən hökmünü müəyyənləşdirmək üçün əvvəla, onu İslam hüququ baxımından hökmünü bilmək lazımdır. Bəs, dinimiz İslama görə, Qurban kəsmənin illəti (dəlil, əsas, sübut) nədir? Qısa cavab: Allahın əmridir, Rəsulullahın sünnətidir. Qurban bayramında qurban kəsmənin fiqhi hökmü nədir? Nəsslərə (Qurani-Kərimdə və ya Hədisi-Şərifdə olan hökm) istinad edən Hənəfi füqəhası (fiqh alimləri) qurban kəsmənin vacib olduğu fikrindədir. Əgər bir səhih nəssin hökmü qəti, dəlili isə zənnə əsaslanırsa, ona vacib hökmü verilir. Qurban bayramında müəyyən şərtlərə riayət edən möminlərin qurban kəsmələri Hənəfi məzhəbinə görə vacibdir, digər məzhəblərə görə isə tərk edilməsi istənilməyən müəkkəd (təkid edilən) sünnətdir.
Qurbanlıq heyvanlar
Dinimizə görə, 5 heyvandan qurban kəsilər: dəvə, inək, camış, qoyun, keçi. Quş qismindən və ov heyvanlarından qurban kəsilməz. Qurban kəsiləcək qoyun və ya keçi ən azı 1 yaşında olmalıdır. Əgər bu heyvanlar 1 yaşına çatmayıblarsa, ən azı 1 yaşındakı kimi görünməlidir, yəni böyük olmalıdır. İnək və camış isə 2 yaşından, dəvə isə 5 yaşından yuxarı olmalıdır.
Bir məsələni xüsusilə vurğulamaq istəyirik: bəzən bir neçə adam yığışıb bir qoyuna şərik olurlar. Dinimizə görə 1 qoyunu bir adam öz adından qurban kəsə bilər. İnək, camış və dəvəyə isə 7-yə qədər adam ortaq olub bu heyvanı qurban kəsə bilərlər. Hər biri də bu heyvanın qurban niyyətinə kəsildiyini bildirməlidir.
Qurbanlıq heyvanların sağlamlığı da çox əhəmiyyətli məsələdir. Əgər xatırlayırsınızsa, Həzrəti Adəmin oğlu Qabil Allah-Təalanın adına qurban vermək üçün yetişdirdiyi meyvələrin çürüyünü, xarabını ayırmışdı. Əlbəttə, Allah-Təala qulunun bu sayğısızlığını qəbul etməzdi. Biz bütün malın, mülkün gerçək Sahibinin Allah-Təala olduğuna inanmış müsəlmanlar olaraq, Allah adına bir heyvanı qurban ediriksə, ən yaxşısını seçməliyik. Yoxsa, əldən düşmüş, ölmək üzrə olan, xəstəlikdən üzülmüş, dişlərinin ən azı yarısı tökülmüş, gözlərinin biri və ya ikisi də kor olan, buynuzları qırılmış, qulaqları dibindən kəsilmiş heyvanların qurban kəsilməsi doğru deyil. Yəni bu ibadətdə ədəb deyilən bir anlayış var. Əgər qurbanı ibadət niyyəti ilə kəsirsənsə və o ibadətin qəbul olmasını istəyirsənsə, əlbəttə, ən yaxşısını seçəcəksən.
Qurban kəsmək ədəbi
Qurbanlıq heyvanı kəsərkən onu incitməmək lazımdır. Böyüklərimiz deyirlər ki, bıçağı son məqama qədər heyvana göstərməmək yaxşıdır. Heyvanı üzü qibləyə yıxırlar, “Bismillah, Allahu-Əkbər” və ya sadəcə “Bismillah” deyərək kəsirlər. Kəsərkən də niyyət edilir: “niyyət edirəm Allah rizası üçün bu heyvanı filankəs filankəs oğlunun adından qurban kəsməyə”.
Məsləhət görülür ki, heyvanı qurban sahibinin özü kəssin. Amma o, bunu bacarmırsa, başqalarına da vəkalət verərək kəsdirə bilər.
Bəzi yerlərdə qurban qanından uşaqların alnına, üzünə sürtmək ənənəsi var. Ancaq Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bu işi yasaqlayıb və qurban qanı olsa belə, onu uşağın üzünə, alnına sürtməyi doğru saymayıb.
Qurban ətinin paylanması
Rəsulullah (s.ə.s.) xanımı Həzrəti Ayşə anamızdan qurban ətini necə bölüşdürdüyünü soruşur. Xanımı belə cavab verir:
- Ya Rəsuslullah, üç yerə böldüm, ikisini payladım, bir pay da bizə qaldı.
Rəsulullah belə deyir:
- Xeyr, ya Ayşə. Sənin verdiklərin bizə qaldı.
Müsəlmanlar Peyğəmbərimizin bu adətini örnək götürərək qurban ətinin 3 yerə bölünməsini üstün tuturlar. Üçdə biri qohum-qonşulara paylanır, üçdə biri qonaqlar üçün bişirilir, üçdə biri isə ailəyə qalır. Əgər ürəyiniz istəyirsə, Qurban ətinin hamısını paylaya bilərsiniz. Bu, sizin səxavətinizə və maddi imkanınıza bağlıdır.
Qurban bayramı sevgi, qardaşlıq atmosferidir
Bayram onda bayram olur ki, sən onun sevincini, coşqusunu könlündə hiss edirsən. Əgər söhbət qurbanlıqdan gedirsə, bu duyğu daha həssas xarakter alır. Məsələn, evində oturduğun yerdə qapın döyülür, qalxıb açırsan, qonşunun balaca oğlu əlində ət dolu boşqabla qapıda dayanıb. Səni görən kimi: “əmi, qurban kəsmişik, bu payı atam sizə göndərib” deyir.
Əlbəttə, könlünüzdə ona qarşı xoş bir duyğu hiss edirsiniz. Və yaxud da siz kəsdiyiniz qurbandan kimlərəsə pay göndərirsiniz. Onlar da sizin üçün dua edirlər. Qurban kəsmək əslində insanda bir çox mənəvi keyfiyyətlərin inkişafına təkan verir, xəsislik xəstəliyindən qurtarırsınız, fədakarlıq, xeyirxahlıq ruhuna girirsiniz, imkansızları düşünürsünüz, aldığı qurban payı ilə kimin könlünün İslama yönələcəyini ağlınızda götür-qoy edirsiniz. Bir ibadətin içindən nə qədər bərəkət çeşməsi açıldığına fikir verirsinizmi?
Bir məsələni də heç unutmaq olmaz ki, bütün sədəqələr kimi qurban payı da təmənnasızlıq prinsipi üzərindədir. Yəni pay verən pay alana minnət qoymamalıdır, əksinə, könlündə ona təşəkkür etməlidir. Bu da mənəvi tərbiyənin başqa bir yönü, təmənnasızlıq ədəbi. İnanırsan ki, bütün xoş əməllərin kimi qurban ibadətinin də qarşılığını ancaq Allah-Təaladan gözləməlisən.
Allah-Təala bütün ibadətlərimizi, o cümlədən Həzrəti İbrahimin sünnəti hesab etdiyimiz, Qurani-Kərimdə müsəlmanlara əmr edilən və Peyğəmbərimizin də dönə-dönə tövsiyə elədiyi qurbanlarınızı Uca Dərgahında qəbul buyursun. Qurban bayramınız mübarək olsun!

Qurban bütün dinlərdə olan bir ibadətdir
Quranda Qurbanın hər dində olduğu bildirilməklə yanaşı, Qurbanla bağlı müxtəlif dövrlərə aid ayələr də öz əksini tapmışdır. Məsələn, Həzrəti Adəmin (ə.s.) iki oğlunun Allaha (c.c.) “qurban” təqdim etdikləri, birinin qurbanının qəbul edildiyi, digərininkinin isə qəbul edilmədiyi “Quran”da göstərilmişdir (əl-Maidə, 5/27-29). “Quran”da izah edilən bu hadisə bəzi fərqlərlə “Kitabi-Müqəddəs”də də vardır.
Həmçinin “Quran”da Həzrəti İbrahimin (ə.s.) gördüyü bir yuxuya əsasən oğlu Həzrəti İsmayılı (ə.s.) qurban etmək niyyətində olduğu və ata-oğul Allaha (c.c.) tam təslim olaraq bu əmri yerinə yetirmək istəyərkən Allahın (c.c.) onlara Həzrəti İsmayılın (ə.s.) əvəzində qurban göndərdiyi açıq şəkildə bildirilmişdir (əs-Saffat, 37/101-107). Bu hadisə “Tövrat”da bir az fərqli şəkildə izah edilmişdir.
Qurban, demək olar ki, bütün dinlərdə olan bir ibadətdir. “Qurani-Kərim”də Qurbanın bütün dinlərdə var olduğu bu şəkildə ifadə edilmişdir: “Biz hər ümmətə qurban ibadəti qoyduq” (Həcc, 22/34).
(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm!” (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə, 5/27).

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?