2012-01-13

ADIMIZ VƏ SÖZÜMÜZ BÖYÜK XALQLAR ARASINDA...

 İlham Əliyev: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
 

“Diaspor” qədim yunan sözü olub, hərfi mənada “səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. “Diaspor” kəlməsi də məhz onların dilindən əmələ gəlmişdir.
Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən vətəni tərk edib qürbətdə yaşamaqları onlar üçün mənəvi baxımdan ağır olub . Təsadüfi deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “vətən - qürbət” mövzusu mühüm yer tutur
Bu gün “Azərbaycan Diasporu” dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının qanununda öz əksini tapib.
  Məlumat üçün deyək ki , XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlayıb . Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırımı, etnik təmizləmə siyasəti də belə məkrli strateji niyyətlərdən törəyib.  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırıb. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyub . Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edib.
1949-cı il fevralın 1-də Türkiyənin Ankara şəhərində “Azərbaycan Kültür Dərnəyi”nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da “Amerikanin Azərbaycan Cəmiyyəti”ni təsis edib . Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir
II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar oldu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı repressiya onların bir çoxunu geri qayıtmaqdan çəkindirdi, beləliklə, xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb oldu.
   Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olub.
Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter aldi. Təbii ki, Sovet respublikası olan Azərbaycan üçün də belə bir təhlükə var idi. Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladi. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin özülünü qoydu.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafi, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan mədəni əlaqələr cəmiyyətinin (”Vətən” cəmiyyəti) qurulması həmvətənlərimizin birliyinə və vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. Ilk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
  Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirib  ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşıb, yurd-yuva salıb.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başladı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar “dünyanın ən mübariz xalqı” adına layiq görüldülər. Erməni separatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadi.
 1990-cı il 20 yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə xalqı yumruq kimi birləşdirdi.
Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
     Ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri qurmağa başladılar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna azərbaycanlıları konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya-Azərbaycan cəmiyyətləri federasiyasını, İsveç- Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının “Turan” konqresini və Qırğızıstanda “Azəri” ictimai birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə biliblər. Yeni icma və birliklərin qurulması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus-Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan-Azərbaycan Mədəniyyət Mərkəzləri assosiasiyası, Azərbaycan-Norveç Assosiasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılıblar
Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları qurulub . Yeni Azərbaycan icma və birlikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Atalarımız təsadüfən deməyiblər, el gücü -sel gücü. Odur ki, elə edək ki, elimizin gücü bir olsun. Elə edək ki,  indiyədək atalarımızın birləşmək istiqamətində illərdir gördükləri işləri  bir günə puç etməyək, əksinə, daha da möhkəm və qüdrətli diaspor quraq ki, böyük xalqlar arasında bizim də adımız olsun . Həm də sözümüz...

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?