2012-01-13

Hitlerin yoxa çıxan qızılı

1944-cü ilin ortalarında  faşist Almaniyasının II Dünya müharibəsində məğlub olacağı artıq heç kəsə, o cümlədən Adolf Hitlerə və onun ətrafındakılara sirr deyildi. Belə bir vəziyyətdə Hitler imperiya dəftərxanasının (kansleriyasının) rəhbəri Martin Bormana işğal edilmiş ərazilərdən əldə olunan qızılın və digər qiymətli əşyaların Almaniyaya daşınması və onların etibarlı yerlərdə gizlədilməsi barədə göstəriş verdi. Bu tapşırığı alan Martin Borman dəftərxana rəsmiləri ilə Strasburqdakı (indiki Fransa ərazisi) Mezon Ruj otelində  gizli iclas keçirdi. İclasda əsas müzakirə hədəfi işğal edilmiş ərazilərdən talanmış tonlarla qızıl və digər qiymətli əşyaların Almaniyaya və Avstriyaya daşınaraq gizlədilməsi idi. Buna paralel olaraq, Almaniyanın pullarının və qiymətli metallarının xarici banklara köçürülməsi də gizli iclasda əsas diqqət mərkəzində oldu. Bu məqsədlə İsveçrənin tanınmış maliyyəçiləri ilə əlaqə yaradıldı. Onlar isə, öz növbələrində, mərkəzi Bazeldə yerləşən Beynəlxalq Hesablaşmalar Bankını (BHB) bu prosesə cəlb etdilər.
 
Borman məhz BHB-nin yardımı ilə Argentina, Çili və Perudakı xüsusi hesablara 10 milyard dollar köçürdü. Amma işğal edilmiş ərazilərdən talanan, həmçinin Almaniyanın öz qızıl, platin ehtiyatları kifayət qədər çox idi və onları harada isə gizlətmək və ya xaricə köçürmək heç də asan bir iş deyildi. Bunu nəzərə alan Almaniyanın maliyyə naziri Valter Funk Bormanla növbəti dəfə məsləhətləşmələr aparandan sonra 1945-ci il yanvarın 31-də qızıl və platin ehtiyatlarının təhlükəsiz və etibarlı yerlərdə gizlədilməsi və ya imkan dairəsində xarici ölkələrə (əsasən Latın Amerikası) çıxarılması barədə göstəriş verdi. Bu məqsədlə 24 vaqondan ibarət 277 saylı xüsusi qatar ayrıldı. Vaqonlar imperiyanın qızıl ehtiyatları ilə ağzına kimi doldurulmuşdu. Amma bu qatar sonralar sanki buxarlanaraq yox oldu. Avstriyalı tanınmış tarixçi, professor Ernst Qoldberq uzun müddət yoxa çıxan qatarla bağlı arxivləri araşdırıb. Onun sözlərinə görə, əvvəlcə, 277 saylı gizli qatarla qızıl və platin ehtiyatlarını Bavariya ətrafındakı Oberzaltsberq adlanan yerdə gizlətmək qərarına gəlmişdilər. Borman bu işə rəhbərliyi məşhur kəşfiyyatçı Otto Skortsenə həvalə etmişdi. O isə qızıl və platin ehtiyatlarını yalnız Oberzaltsberqdə deyil, həm də Avstriyanın dağlarında və göllərində gizlətmək qərarına gəlmişdi. Bu məqsədlə də faşist Almaniyasının qızıl ehtiyatlarının bir hissəsi, həmçinin işğal olan ərazilərdən talan edilən yüz tonlarla qızıl Avstriya dağlarına və gölləri ətrafına daşınmışdı. Amma müharibədən sonra bu yerlərdə Almaniyanın qızıllarını tapmaq mümkün olmadı. Düzdür, Otto Skortsen tərəfindən qızıllar gizlədilən yerlər aşkar edildi. Ancaq onlarda ya qızıl yox idi, ya da olduqca az miqdarda idi. Ona görə də ötən əsrin 50-ci illərindən həvəskar qızılaxtaranlar əsas diqqəti Avstriyanın Zaltskammerqut bölgəsindəki göllərdə (Toplitszee və Qryunzee) faşist Almaniyasının yoxa çıxan qızıllarını axtarmağa başladılar. Xüsusi dalğıclar Toplitszee gölünün 100 metr dərinliyində Britaniyaya məxsus olan saxta pullarla dolu konteynerlər tapdılar. Amma Almaniyanın gizlədilmiş qızılına rast gəlinmədi. İllərlə davam edən axtarışlardan sonra, nəhayət ki, 1987-ci ildə akvalanqçılar adıçəkilən gölün dibində faşist Almaniyasına məxsus olması şübhə doğurmayan 6 qutu qızıl tapdılar. Amma bundan sonrakı axtarışlar nəticəsiz oldu.

Tanınmış digər avstriyalı tarixçi Herhard Zauner də şəxsən faşist Almaniyasının yoxa çıxmış qızıllarının axtarışında və 1974-cü ildə akvalanqçılarla birlikdə Qryunzee gölünün dibinə (70 metr dərinliyə) enərək, oradan üzərində xaç işarəsi olan və “Deutsche Reichsbank” (Döytçe Reyxsbank) sözləri yazılan “B425” saylı qızılla dolu konteynerin tapılmasında iştirak edib. “B425” saylı qutuya qızıl  doldurulması və onun 277 saylı qatara yüklənməsi isə arxiv sənədlərində əksini tapıb. Zaunerin sözlərinə görə, qutuya 12,5 kiloqram qızıl vardı.
Yeri gəlmişkən, onu da deyək ki, 1945-ci ilin avqust ayında Potsdam konfransında müttəfiq dövlətlərin rəhbərləri Hitler Almaniyasının qızıl ehtiyatlarının qalib dövlətlər (SSRİ, ABŞ, Fransa və Böyük Britaniya) arasında bərabər şəkildə bölüşdürülməsi barədə qərar qəbul etmişdilər. Faşist Almaniyasının qızıl və platin ehtiyatları ən azı 400-500 milyard dollar (indiki qiymətlərlə 80-100 trilyon dollar) hesab edilir.
Müttəfiq dövlətlərin xüsusi xidmət orqanlarının bütün cəhdlərinə baxmayaraq, Hitler Almaniyasının qızıl ehtiyatlarının gizlədildiyi yeri müəyyən etmək mümkün olmayıb. Zaunerin sözlərinə görə, Skortsen Avstriyadakı gizli yerlərə az miqdarda qızıl qoymaqla diqqəti onun gizlədildiyi digər yerlərdən yayındırıb. O, belə hesab edir ki, 277 saylı qatar Avstriyanın cənubuna istiqamət götürüb və axtarışları da orada aparmaq lazımdır. Aydın məsələdir ki, Avstriyanın cənubundakı gölləri, mağaraları və digər yerləri qazmaq, qarış-qarış hər yeri axtarmaq mümkün deyil. Amma sonralar ələ keçirilən arxiv sənədlərində 24 vaqona yüklənən qızıl və platinin siyahısını aşkar etmək mümkün olub. Belə ki, 277 saylı qatarın 3 vaqonuna Almaniyanın işğal etdiyi Ukrayna banklarından ələ keçirdikləri qızıl və platin yüklənmişdi. Almanlar geri çəkilərkən SS zabiti Yozef Spasilin rəhbərliyi altında bu qızıl və platini özləri ilə Almaniyaya aparmışdılar. Həmin qızıl və platinin Altzee gölü ətrafında yoxa çıxdığı güman edilir. Vaqonlardan birinə isə Rumıniyadakı kilsələrdən talan edilmiş qızıl və platin yüklənmişdi. Bu vaqon isə Bad-Auszee stansiyasında müəmmalı şəkildə yoxa çıxıb. Həmin dövrdə faşistlər İtaliyanın şimalından Mussoliniyə məxsus olan 120 ton qızılı Almaniyaya aparmış və onu da 277 saylı qatara yükləmişdilər. Bu vaqonların izi isə Bad-İşl stansiyasında itib. Sonralar, 1983-cü ildə həmin ərazidəki köhnə su quyularından Mussoliniyə məxsus 20 ton qızıl aşkar edilib. Amma digər 100 ton qızılın harada gizlədildiyi bu günə kimi məlum deyil. Almanlar həmçinin  Xorvat diktatoru Paveliçə məxsus olan 100 ton qızılı da özləri ilə Almaniyaya aparmış və adıçəkilən qatara yükləmişdilər. Həmin qızıllardan isə bu günə kimi yalnız bir köhnə xorvat qızıl sikkəsi tapmaq mümkün olub.

“Qızıl” təsadüfü
1983-cü ilin yayında Bad-Auszee ətrafında gəzməyə çıxan turistlər yolu azaraq meşələrdə qalırlar. Onlar bir neçə gün meşədə ac və susuz dolaşmalı olurlar. Və təsadüfən dam örtüyü qeyri-adi, parıltılı dəmirlərdən inşa edilən evə rast gəlirlər. Turistlər evə dincəlmək üçün daxil olanda, əvvəlcə, evin damındakı parıltılı metala fikir vermədilər, ancaq bir az dinclərini alandan sonra onlardan biri bu parıltılı dam örtüklərini araşdırmağa başladı. Məlum oldu ki, damın üstünün örtülməsində istifadə edilən metal haşiyələr və tirlər xalis qızıldan hazırlanıb. Bir neçə gündən sonra meşədə azmış turistləri xüsusi axtarış qrupu tapır. Damın metal örtüklərinin qızıldan olduğunu görəndə onlar da heyrətlənirlər. Dərhal hadisə yerinə Avstriya hökumətinin xüsusi əməliyyat qrupu gəldi. Məlum oldu ki, evin damındakı qızılın qiyməti 20-30 milyon dollar dəyərindədir. Araşdırma zamanı məlum oldu ki, ətrafda belə qızıl damlı evlərin sayı onlarla olub. Onlar meşə materialları adı altında qonşu ölkələrə daşınıb. Ancaq buna kim rəhbərlik edib və necə olub ki, hər yeri axtaran xüsusi kəşfiyyat qurumları məsələdən xəbər tutmayıblar. Belə güman edilir ki, təxminən ötən əsrin 50-ci illərinin sonlarından başlayaraq, faşist Almaniyasının qızıl ehtiyatı ətrafında söz-söhbətin səngidiyindən istifadə edən xüsusi qrup diqqəti cəlb etmədən müxtəlif yollarla bu qızıl evləri xarici ölkələrə çıxara biliblər.

Qızıl avtomobilin sürücüsü
Sonrakı illərdə də faşistlər nəinki qızıl evləri, həm də qızılla örtülmüş maşınları xaricə çıxarmağa başlamışdılar. Bununla əlaqədar məsələyə diqqəti cəlb edən professor Ernst Qoldberq deyir ki, həmin dövrdə işğal edilmiş ərazilərdən talanan, həmçinin Almaniyanın özündəki qızılları xaricə asanlıqla çıxara bilmək üçün onları əridərək külçə halına salırdılar. Onun sözlərinə görə, Almaniyanın təslim olmasına bir həftə qalana kimi Zaltskammerqutdakı qızıl emalatxanaları fasiləsisz olaraq işləyir və qızıl əşyaları əridərək külçə halına salırdılar.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?