2012-01-12

“Metafora”- bir şeiriyyət toplusu və yaxud Çoban bulağının nəğmələri


Sənət adamları cürbəcür olurlar: kimi öz duyğularını sözə çevirir, kimi rənglərlə ifadə edir, kimi səs halında dünyaya çatdırır, kimi də daşa, ağaca “hörür”. Seyfəddin Mənsimoğlu sonunculardandır, yəni bu dünyada anladıqlarını, anlayıb yaşadığı duyğuları kəsib hazırladığı ağacların “bağrına” həkk edir. 
 
Bu onun doğulduğu kəndin başının üstündə, dağların ətəyində çağlayan Çoban bulağının yaddaşında qalmış səsidi, nəğmələridi, ömrünün bu ahıl çağında sənətə çevrilib, dünyanı dolaşır. Bütün əsərləri o bulağın şırıl-şırıl nəğmələrinin ağac köksündə yazıya çevrilmiş nəqarətindən, notundan başqa bir şey deyil əl işləri. Məhəmməd Füzuli adını da o uzaq xatirələrin nisgili ilə nota alıb, Şəhriyar adını da,
Şəms Təbrizi adını da, Mövlana adını da, başqalarını da. Əslində ərəb əlifbası ilə həkk olunmuş o yazılar ilk baxışdan həsrət qoxuyur, çox-çox uzaq tarixdə yaşanmış bir dastanın nəqarətini pıçıldayır duymağı bacaran könüllərə.
Seyfəddin müəllimi uzun-uzadı təqdim eləməyə ehtiyac yoxdur. Haqqında çox yazılıb, çox deyilib, hətta film də çəkilib.   Bu gün onun əsərlərinin sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Bircə faktı qeyd edək ki, onun “Sultan Məhəmməd” və “Rəhil” əsərləri Almaniyanın Berlin şəhərinin İslam Mədəniyyəti Muzeyində saxlanılır.
Ağac üzərində oymanın öz texnologiyası, çətin bir kompozisiya quruluşu var. Simmetrik xətlərlə, güzgülü formalarla, hərfləri qurmaq-kəsmək, yapışdırma ilə, ağacı oymaqla, kəsici alətlərlə iş, təbii ki. mürəkkəbdir. Bu mürəkkəblikdə Seyfəddin müəllim elə orijinal əsərlər ərsəyə gətirir ki, onlara valeh olmamaq mümkün deyil. O, öz fikrini müxtəlif formalarla ifadə etməyə çalışır. Məsələn: “Aşıq Qurbani” əsərindəki Qurbani sözündə sona düşən və hərflərinin güzgülü forması ilə sazın çanağını da təsvir edib. Sazın bir çanağı Xudafərin körpüsünün bir tağına toxunur... Bir sözlə, onun bütün əsərlərindən bir şeiriyyət oxunur...
Bəli, onun aləmində metafora real gerçəklikdən doğur. Metafora məlum olduğu kimi, bədii ədəbiyyatda bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır. Təşbehdən fərqli olaraq, metaforada qarşılaşdırılan tərəflərdən biri iştirak etmir. Zənnimizcə, elə buna görə də o, bu yaxınlarda işıq üzü görmüş kitabına “Metafora” (Səhv etmirəmsə, onun əsərlərindən ibarət “Metafora” adlı toplusu da var) adı verib. Kitabda  Seyfəddin Mənsimoğlunun həyat yolundan, sənətdə qazandığı uğurlardan bəhs olunur. Dostları, tanınmış sənət adamları bu qeyri-adi peşə sahibinin sənətinin incəliklərindən söz açır, onun bir insan kimi fərdi və şəxsi keyfiyyətlərini dilə gətirirlər. Kitabda eyni zamanda ona həsr olunmuş şeirlər, ithaflar və özünün məqalə və yazıları da əksini tapıb.
Qeyd edək ki, kitab Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında Şərq-Qərb mətbəəsində çap olunub.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?