2012-01-12

Nizami Gəncəvinin qələmindən Allah - 1







alt
Bismillahir-rəhmanir-rəhim.
Hikmət xəzinəsinə budur açar,ey həkim!

Odur fikrin əvvəli, odur kəlamın sonu,
Nə iş görsən, Tanrının adıyla qurtar onu.

Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,
Yaşayanlar içində əbədi  odur ancaq.

Qədim, sonsuz cahanı odur quran, saxlayan,
Qələmlərin boyuna boyunbağı bağlayan.

Səxavət qaynağını o qaynatdı binadan,
Bütün var olanları yalnız odur yaradan.

Pərdəli fələklərin pərdəsini açandır,
Pərdəli iş görənin sirrini saxlayandır.

Günəşin kəmərinə ləl ilə zinət verən,
Torpağa həyat donu, suya təravət verən.

Könül sahiblərinə əxlaq, hikmət göndərən,
Ruzu uman kəslərə ruzu, nemət göndərən.

Idrakın hər telinə düzüb inci, mirvari,
Düşüncənin gözünə işıq gətirən Tanrı.

Uca, pak alınlara səcdə nişanı vurar,
Cahanın şahlarına qızıldan tac qoydurar.

Tədbirlə bişənləri çiy bilib verər bada,
Suçluların üzrünü qəbul eylər dünyada.

Məhşər günü qoruyar, hifz eləyər qorxağı,
Alimlərin könlündə olar tədbir qaynağı.

Hər sifəti, vücudu əzəli və əbədi,
Kainatın varlığı, yoxluğu əlindədi.

Heçdir bu iki cahan ülviyyəti önündə,
Bir nəfəsdir ömrümüz əzəməti önündə.

Tapılarmı cahanda onunla bəhs eləyən?
Varmı ondan savayı “Bu mülk mənimdir!” deyən?

O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,
Varlıq yoxa çıxsa da, o, daim var olacaq,

Çox gəzdi, çox düşündü peyğəmbərlər,alimlər,
Tanrı vuran düyünü aça bildilər məgər?

Onun elmi əzəldən dəryadır, necə dərya!
Onun əbədiyyəti səhradır, necə səhra!

Əvvəli ibtidasız, axırı intihasız,
Ilki, sonu olmayan onun özüdür yalnız.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?