2012-01-13

Yeni nəsil televizorlar kompyuterlərlə yarışır

Televizorlarla bağlı stereotip bundan ibarətdir ki, bu cihazlar yalnız televiziya verilişlərini seyr etmək üçündür. Ancaq bu yanaşma artıq keçmişdə qalıb. Çünki yeni nəsil televizorlar müasir texniki xüsusiyyətləri ilə öz “sələflərini” xeyli geridə qoyub.
 
Bu gün televiziya verilişlərinə baxmaq televizorların bir neçə xüsusiyyətindən sadəcə biridir. O da vurğulanmalıdır ki, televerilişlərin ötürülməsi və göstərilməsi də 10-15 il əvvəlkindən xeyli fərqlənir. Müasir dövrdə daha keyfiyyətli görüntü və səs effektləri teleməkanın aparıcı xüsusiyyətləri hesab olunur. Bugünkü televizorları ağ-qara televizorlarla əsla müqayisə etmək olmaz. Yeni nəsil televizorlar LED ekranda üçölçülü görüntü və altı kanallı səs effektləri ilə insanları heyrətləndirməkdə davam edir.
Müasir televizorlar yüksək keyfiyyətli vizuallıqla yanaşı görüntüləri yaddaşa qeyd etmək, internetə daxil olmaq, mobil telefon və ya kompyuter kimi cihazlara kabelsiz bağlanmaq, hətta onu seyr edənin olmadığının fərqinə varıb avtomatik olaraq sönmək kimi xüsusiyyətlərə də malikdir. Göründüyü kimi artıq televizorlar kompyuterlərlə rəqabət aparacaq duruma gəlib.
Kompyuterlərdə olduğu kimi müasir televizorlar vasitəsilə də internetdən oyunları və digər proqramları yükləmək mümkündür. Bu yolla həmçinin gündəlik birja və hava haqqında xəbərləri də televizora yükləmək olar. Bundan başqa, görüntülü söhbətlər də müasir televizorların adi xüsusiyyətlərindən birinə çevrilib.
Artıq televizorların pultları da müasir standartlara uyğunlaşdırılıb. Müasir pultlar kompyuterlərin klaviaturasına bənzəməyə başlayıb. Bəzi pultların isə “blutus” (bluetooth) xüsusiyyətləri də var. Bu xüsusiyyət sayəsində pultların funksiyalarını smartfonlara yönləndirmək mümkündür.
Yeni televizorların USB girişlərinin olması da onlara əlavə üstünlüklər verir. USB yolu ilə televizorlara fləşkartlar və digər yaddaş qurğularını qoşmaq mümkün olur. Fləşkartlar isə hər hansı verilişin yaddaşa yazılmasına kömək edir.
Bəzi müasir televizorlar isə görüntü keyfiyyətini avtomatik olaraq tənzimləyir. Otağın qaranlıq və ya aydınlıq olmasından asılı olaraq, belə televizorlar ekranın parlaqlığını nizamlayır. 

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?