2012-01-19

“Avroviziya”nın rəmzi açarı 25 yanvarda merə təqdim ediləcək

Bu ilin may ayında Bakıda keçiriləcək 57-ci “Avroviziya” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə  müraciət edib.
 
İctimai Televiziyadan verilən məlumata görə, bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. “Avroviziya” mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılıb. Bununla da “Avroviziya” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb. Qeyd edək ki, siyahıda Ermənistan da var. İctimai Televiziyadan bildirilib ki, Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. “Avroviziya” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sandın sözlərinə görə, Polşanın builki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.
O, 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun qaldığını deyib.
Sand qeyd edib ki, adları sadalanan ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaqlar.
“Avroviziya-2012”nin ilk təntənəli mərasimi yanvarın 25-də keçiriləcək
 Yanvarın 25-də “Eurovision” Mahnı Müsabiqəsinin açarının təqdimetmə mərasimi keçiriləcək. “Avroviziya-2012” İşçi Qrupundan verilən məlumata görə, müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə “Avroviziya-2011”ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Avroviziya-2012”yə ev sahibliyini rəsmən qəbul edəcək. “Buta Palace”da keçiriləcək bu təntənəli mərasim çərçivəsində püşkatma və “Eurovision 2012”-nin loqosunun təqdimatı keçiriləcək. Təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Avroviziya” müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?