2012-01-12

Orxan adı haradan gəlir?

     
altAzərbaycan antroponimləri sistemində elə adlara rast gəlinir ki, xalqımızın soy kökünün aşkara çıxarılmasında onların da müəyyən rolu vardır. Belə adlardan biri də Orxan antroponimidir. Təkcə Azərbaycan dilinin deyil, bir sıra türk dillərinin antroponimləri sırasında özünə yer tutan Orxan adı ən qədim sözlərimizdən biri olmaqla yanaşı, həm də ad kimi formalaşan ilk antroponimlərdəndir desək, səhv etmərik. Bu antroponimin türk mənşəli olduğuna heç bir şübhə yoxdur, lakin bizi maraqlandıran onun etimologiyası məsələsidir.
Orxan antroponimi iki komponentdən-or və xan hissəciklərindən ibarətdir. Əslində bunların hər ikisi ayrılıqda sərbəst sözlərdir. Doğrudur, hazırda or sözünün nə ədəbi dilimizdə, nə də dialekt və şivələrimizdə sərbəst işləndiyi hallara təsadüf olunmur, lakin həmin sözün əsasında yaranmış sözlərə tez-tez rast gəlirik. Məsələn, ordu, orman, örüş, ərənə və s. sözlərin yaranması or kökünün hesabına mümkün olmuşdur. Belə sözlər həm Azərbaycan ədəbi dilində, həm də dialekt və şivələrimizdə geniş miqyasda işlənir.
Qeyd etmək lazımdır ki, or kökü özünün inkişaf dövrlərində müstəqil bir vahid kimi işlənərək, “yer” mənası bildirmişdir. Bu söz bütün qədim türk mənbələrində “yer” mənasında qeyd olunmuşdur. Müasir Azərbaycan dilində işlənən “yerləşmək” feili bir sıra türk dillərində “ornaşmaq” şəklində işlənib, həmin mənanı bildirərək, öz əsasında or kökünü saxlamışdır. Əslində, Azərbaycan dilində işlənən “yer” sözü də or kökünün variantıdır.
“Or” kökünün qədimliyini bir sıra lüğət və bənbələrlə yanaşı türk xalqlarının qədim mifik dünyagörüşünü ifadə edən əfsanələr, yazılar da təsdiqləyir.
Türk xalqlarının İslamdan əvvəl miflərlə dolu həyatını əks etdirən kitablarda onların tapındığı, etiqad gətirdiyi bir sıra tanrılarla yanaşı, Yer tanrısının adına da rast gəlirik. Müxtəlif türk tayfalarında bu tanrı Or təkin, Or xan və Erlik (Yerlik) kimi tanınmışdır. Göründüyü kimi, qədim mifik görüşlərdə “yer tanrısı” kimi meydana çıxan “or” kökü zaman keçdikcə, yarandığı dövrdən uzaqlaşdıqca özündə ilk mənasını qoruyub saxlayaraq onlarla digər sözün də əmələ gəlməsi üçün baza rolunu oynamışdır. Orxan antroponimin ikinci komponenti kimi çıxış edən “xan” sözünün mənası aydındır. Bu söz də ən qədim türk mənşəli sözlərimizdən biri olub, titul xarakteri daşıyır. T.A.Bertaqayev isə bu sözü etimoloji baxımdan izah edərək belə qənaətə gəlmişdir ki, “xan” sözü “xaqan” sözünün fonetik modifikasiyaya uğramış variantıdır və öz inkişafında “xaqan-xaan-xan” kimi forma dəyişikliyinə uğramışdır. Yarandığı ilk dövrlərdə “xan” sözü “göylər tərəfindən göndərilmiş hakim” mənasında başa düşülür və işlənirdi. Sözün inkişafının sonrakı dövrlərində mənası darlaşıb, sadəcə olaraq, “hakim”, “imperator” mənası daşımışdır.
Yuxarıda dediklərimizi ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olur ki, müasir Orxan antroponimi bir söz kimi ilk dəfə meydana çıxarkən, bütövlükdə “yerin göylər tərəfindən göndərilmiş hakimi” mənasında işlənmiş, zaman keçdikcə isə sadəcə “Yer tanrısı” mənası daşıyaraq, sonralar “Orxan” adı kimi bir sıra müasir türk dillərinin antroponimlər sistemində özünə daimi yer tutmuşdur.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?