2012-01-13

Hitlerin yoxa çıxan qızılları (3)

İtirilmiş xəzinə arasında yalnız bir qədər bəxti gətirən və bir hissəsi aşkar edilən Macarıstan kralına məxsus xəzinə olub. Amma o da öz sahibinə qaytarılmayıb. Onu da deyək ki, Hitlerin Macarıstan xəzinəsini tələm-tələsik Almaniyaya daşımasına səbəb 1944-cü ilin əvvəllərində SSRİ qoşunlarının adı çəkilən ölkənin sərhədlərinə yaxınlaşması idi. 
 

Macarıstanın dövlət xəzinəsinin SSRİ-nin əlinə düşməsinə imkan verməmək və SSRİ-nin hücumunun qarşısını almaq üçün 1944-cü il mart ayının 18-də Hitlerin əmri ilə (“Marqaret-1” planı) 11 alman diviziyası adıçəkilən ölkəni işğal etdi. Amma 1944-cü ilin payızında Almaniya Macarıstanı əldə saxlaya bilməyəcəyini anladı. Bundan sonra Macarıstanı talamağa başlayan alman hərbçiləri əllərinə keçəni xüsusi eşelonlarla Almaniyaya göndərməyə başladılar. 1945-ci il mart ayının sonunda Hitlerin birbaşa göstərişi ilə Macarıstana məxsus dövlət xəzinəsinin Almaniyaya daşınmasına başlandı. A. Eyxmanın rəhbərliyi altında olan SS polku əməliyyata nəzarəti həyata keçirirdi. Qısa müddətdə Macarıstana məxsus olan 110 yeşik qızıl külçə, o cümlədən 8 yeşik brilyant Almaniyaya daşındı. Almanlar hətta Macarıstandakı kilsələri belə talayaraq, orada qiymətli nə varsa ələ keçirirdilər.
Rembrandtdan Reysdala kimi...
Yuxarıda qeyd etdiyimiz kimi, hələ 1944-cü ilin mart ayında almanlar Macarıstanı işğal edərkən oradakı qiymətli əşyaları, o cümlədən ölkə xəzinəsini Almaniyaya daşımaq üçün xüsusi hazırlıq görməyə başlamışdılar. Bu məqsədilə xüsusi eşelon ayrılmışdı. Həmin eşelonlara hər gün ölkədən talanan qızıl və digər qiymətli əşyalar yüklənirdi. SSRİ qoşunlarının Macarıstana hücumu başlayanda qızılla dolu 77 vaqondan ibarət eşelon dərhal Almaniyaya istiqamət götürdü. Macarıstanın Avstriya ilə sərhədində yerləşən Şopron, Dyer və Sombatxey şəhərlərindən qızılla dolu daha 3 vaqon həmin eşelona qoşuldu. Eşelonlarla daşınan və ümumi çəkisi 100 tona yaxın olan qiymətli metallardan əlavə, Macarıstan Milli Muzeyindən talanan qiymətli muzey əşyaları, o cümlədən intibah dövrü rəssamlarına aid olan sənət inciləri də vardı. Müharibədən sonra onlardan yalnız 42 vaqonda olan 29 ton qızıl və qiymətli muzey əşyalarını gizli saxlama yerlərindən taparaq əldə etmək mümkün olmuşdu. Amma axtarışlara baxmayaraq, 38 vaqon qızıl və digər qiymətli əşyaların yerini müəyyən edə bilmədilər. Amma Almaniyaya Macarıstandan yalnız qiymətli metallar və muzey əşyaları deyil, həm də 1560 yeşik gümüş də daşınmışdı. Nəhayət, talanan mallar arasında məşhur rəssamlar Rembrandt və Reysdalın da işləri daxil olmaqla 1180 rəsm əsəri, 300 ədəd əllə toxunan xalça da vardı. Bu talanan malların hamısının xüsusi siyahısı tutulmuş və onların haradan əldə edildikləri dəqiqliklə qeydə alınmışdı. Bu siyahı polkovnik Arpad Toldinin əlində idi. Ancaq sonra o, bu siyahı ələ keçməsin deyə məhv etmişdi. Buna baxmayaraq, II Dünya müharibəsinin başa çatmasından illər ötəndən sonra tədqiqatçılar talanan Macarıstan qızılı ilə dolu eşalonun keçdiyi marşrutu müəyyən edə bilmişdilər. Məlum olmuşdu ki, 1944-cü ilin noyabr ayında Budapeştdən yola düşən eşalon 1945-ci ilin mart ayına kimi Macarıstanın Avstriya ilə sərhədində - Brennerbanya şəhəri yaxınlığındakı dəmir yolu stansiyasında dayanıb. Yalnız mart ayında SSRİ qoşunlarının Brennerbanya şəhərinə yaxınlaşması almanları qızılla dolu eşelonu ölkənin içərilərinə göndərməyə məcbur etdi. Qatar Avstriya ərazisinə daxil olandan sonra eşelon rəisi Laslo Avar mühafizə alayının rəisi Toldiyə 52 yeşik qızılı yük maşınlarına yükləməyi əmr etdi. Yük maşınları Avstriyanın keçilməz meşələrinə doğru istiqamət götürdü. Avstriyadakı Xopfqarten adlı yerdə Toldi yeşikləri etibarlı yerdə gizlədə bilməyəcəklərini anlayaraq, ondan öz payını götürmək istədi. Lakin Laslo Avar buna icazə vermədi. 1945-ci il may ayının 9-da Almaniya təslim oldu. Bundan iki gün sonra, may ayının 11-də qiymətli yükü müşayiət edənlər qızılı gizlədə bilməyəcəklərini anlayaraq, onu öz aralarında bölüşdürmək və bundan sonra mülki geyimdə Avstriya vətəndaşları arasına qatılmaq istədilər. Amma onlar gecikmişdilər və təsadüfən Amerika əsgərləri qızıl dolu vaqonları aşkar etdilər.
Amerikanın “qənimət”i
Həmin dövrdə Avstriya ərazisinə daxil olan Amerika qoşunları təsadüfən Bekştayn yaxınlığındakı Tauern tunelində (Zaltsburq ətrafında) eşelonu aşkar edərək, dərhal onu ələ keçirdilər. Bu arada isə Toldinin müşayiət etdiyi yük maşınlarına yüklənmiş qızıl karvanı ABŞ qırıcı təyyarələri tərəfindən bombalandı. Bundan sonra Toldi mühafizəçilərlə qızılı bölüşdürdü və onlar İsveçrəyə gedərək orada gizlənməyi qərara aldılar. Feldkirxendə Toldi 6 yeşik qızılı iki nəfər SS zabitinə verərək, onlarla Sürüxdə görüşmək barədə razılıq əldə etdi. Özü isə qalan yeşiklərlə birlikdə Avstriya-İsveçrə sərhədinə doğru hərəkət etdi. Ancaq onlar Avstriyanın fransızlar tərəfindən işğal edilmiş ərazisində sərhədi o biri tərəfə keçə bilməyəcəklərini anladılar. Bundan sonra o, qızılları Avstriya dağlarında gizlətməyə məcbur oldu. Avstriyanı gizli şəkildə tərk etmək istəyərkən Toldini fransızlar saxladılar.
Qızılla azadlıq
Bəzi məlumatlara görə, Toldi ona toxunmayacaqları təqdirdə, qızılın yerini fransızlara göstərib. Bu məntiqi baxımdan ağlabatan görünür. Çünki fransızlar onu mühakimə etmək üçün beynəlxalq məhkəməyə verməkdən imtina etdilər. Bunun ardınca isə Toldini Fransanın xarici legionunda işə qəbul etdilər. Amma bununla belə, almanların Macarıstandan taladıqları qızılın bir hissəsi amerikalılara nəsib oldu. Düzdür, sonralar Macarıstan muzeylərindən talanan rəsm əsərlərinin bir hissəsi macarlara qaytarılsa da, amerikalıların əlinə keçən macarlara məxsus qızıllar bu günə kimi ABŞ zərbxanasında, geri verilməyən rəsm əsərləri isə Milli qalereyada və Tarixi Eksponatlar Muzeyində saxlanılmaqdadır.
Qeyd edək ki, əvvəlcə, Macarıstana məxsus olan xəzinəni amerikalılar onun əsl sahibinə qaytarmaq niyyətində idilər. Ancaq Macarıstanda sosializm quruculuğu prosesinin başlaması onları bu fikirdən daşındırdı. 1948-ci ildə Avstriyadakı Amerika hərbi hissələrinin komandanı general Mark Klark Macarıstana aid xəzinənin əllərində olan hissəsinin geri qaytarılmayacağını və buna hər hansı əsasın olmadığını söylədi. Onun sözlərinə görə, bu xəzinə Macarıstanda məhv edilən yəhudilərə kompensasiya kimi veriləcəkdi. Generalın sözlərini ABŞ-ın o dövrdəki xarici işlər naziri Robert Marşall da təsdiq etdi. Bu arada isə amerikalı zabitlər, xüsusən də Avstriyadakı 42-ci diviziyanın komandanı, general-leytenant Harri Kollinz vaqonlardakı qiymətli əşyaları çırpışdırmağa başladılar. Kollinz vaqonlardan 8 qiymətli rəsm əsəri oğurlamışdı. Bir sözlə, 29 vaqondakı qiymətli əşyaların bir hissəsi amerikalı zabitlər və əsgərlər tərəfindən talandı. Bunu görən ABŞ müdafiə naziri təcili şəkildə vaqonlardakı digər qiymətli əşyaları öz ölkəsinə göndərdi. Amma ABŞ vəd etdiyi kimi, xolokost qurbanlarına bu qızıldan bir qram da vermədi. 2001-ci ildə Almaniyanın Düsseldorf şəhərindən olan vəkil Peter Volts ABŞ dövlətinə qarşı bununla əlaqədar məhkəmə işi qaldırdı. O əlində olan müharibə dövrü sənədlərinə əsasən, ABŞ-ı nasistlərin taladıqları qızılla dolu eşelonu bombalamaqda ittiham etdi. Onun sözlərinə görə, ABŞ bununla da Almaniyanın Macarıstandan və digər ölkələrdən taladığı tonlarla qızılı sərbəst şəkildə ölkəsinə aparmağa və gizlətməyə şərait yaradıb. Volts məhkəmədə buna görə ABŞ-dan 40 milyard dollar tələb edirdi. Amma bu məhkəmə nəticəsiz başa çatdı. Çünki ABŞ hökuməti Voltsun iddialarını rədd etməsi üçün məhkəməyə təzyiq göstərdi.
Beləliklə, bu günün özündə Macarıstan xəzinəsinin yarıdan çoxu ABŞ zərbxanasında saxlanmaqdadır. Macarıstana və digər ölkələrə məxsus olan yüz tonlarla qızılın, o cümlədən Hitler Almaniyasına məxsus xəzinənin gizlədildiyi yerləri (cüzi tapıntıları nəzərə almadan) müəyyən etmək mümkün olmayıb. SON

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?