2012-01-12

Bekkerelin Sələfi







alt850 ildən artıqdır ki, misilsiz yaradıcılığı ilə bəşəriyyəti heyrətdə qoyan Nizami Gəncəvini çoxları ancaq dahi bir şair kimi tanıyır. Bəziləri isə hələ də bilməyir ki, Nizami bir şair kimi dünya poeziyasında hansı zirvədə dayanırsa, dünyəvi elmlər sahəsində də bir alim kimi həmin zirvədə durur. Ümumiyyətlə alimlik və şairlik Nizami dühasının qoşa qanadlarıdır. Həmin qanadlar vasitəsilə şair poeziyanın  və elmin əlçatmaz zirvələrini fəth etmişdir.
Nizaminin elmin müxtəlif sahələrinə dair söylədiyi fikirləri araşdırdıqda şairin idrakı qarşısında heyrətlənirsən. Görürsən ki, həmin elmi fikirləri ilə (xüsusilə də təbiətşünaslığa dair) o dövründəki və özündən sonra gələn alimləri qabaqlamışdır.
Müasir elmin inkişaf səviyyəsi artdıqca, dahi mütəfəkkirin vaxtilə astranomiya, fizika, riyaziyyat, təbabət, kimya, biologiya, coğrafiya və s. sahələrə dair söylədiyi fikirlər öz təsdiqini tapır. Bu bir daha sübuta yetirir ki, şair öz dövründəki təbiət elmlərini dərindən öyrənməklə yanaşı, onların gələcək inkişaf yolunu düzgün istiqamətləndirmək barədə də qiymətli fikirlər söyləmişdir.
O, bütün elmi fikirlərini şərh edərkən maddi cazibə ilə, mənəvi cazibəni (Allah eşqi) vəhdətdə götürmüş, mənəvi cazibəyə üstünlük vermişdir. Məsələn:
Mehrabı eşqdir uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Nizami XII əsrdə təbiət elmlərinə dair elə elmi fikirlər yürütmüşdür ki, hələ o dövrdə həmin sahədə çox şeylər məlum deyildi. Bu baxımdan şairin hələ XII əsrdə radioaktivliyə dair (bəzi mineralların özündən təbii şüa buraxması) söylədiyi fikir daha çox maraq doğurur. Məlumdur ki, radioaktivliyi ilk dəfə (1896-cı ildə) fransız fiziki A.A.Bekkerel (1852-1908) kəşf etmişdir. Onun bu kəşfi atomun quruluşunu öyrənilməsində mühüm əhəmiyyət kəsb edib. Avropada Nizami ilə ilk tanış olanlardan biri fransız şərqşünası Derblo olub. Hazırda Nizaminin ən qədim əlyazmaları A.A.Bekkerelin vətəninin paytaxtı Parisin milli kitabxanasında saxlanılır.
Radioaktivliyi genişləndirən və inkişaf etdirənlər isə Mariya Skladovskaya Küri, onun həyat yoldaşı Pyer Küri və ingilis fiziki E.Rezerford olmuşdur. Rezerford radioaktiv şüaların növləri və xassələri üzərində geniş təcrübə apararaq atomun planetar modelini vermişdir.
 Mariya Skladovskaya Küri və Pyer Küri öyrənmişlər ki, uran filizindən alınan radium elementi daha radioaktivdir. Məqsədimiz radioaktivlik hadisəsini geniş  şərh etmək deyildir. Burada cəlb edən odur ki, XII əsrdə uran filizinin təbii olaraq özündən çox böyük təsir gücünə (hətta öldürücü) malik şüalar buraxması Nizami Gəncəviyə məlum imiş.
Şair “İsgəndərnamə” əsərinin “İsgəndərin peyğəmbərliyə səfəri” hissəsində bu şüalanma hadisəsini belə qələmə alır:
Rəngbərəng daşlarla doludur hər yan:
Qapqara, sapsarı, gömgöy, al-əlvan.
O əlvan daşları görəndə insan,
Sevinər fərəhdən, gülər şadlıqdan.
Qəhqəhə çəkərək güldükcə gülər,
O qədər gülər ki, gülməkdən ölər,
Misqaldan az olsa, daşın çəkisi,
Oyatmaz insanda o gülüş hissi.
Qocanın sözləri düz doğru çıxdı,
Daşlar çoxlarını torpağa yıxdı.
Bez (karbas) ilə bükərək bərk sarısınlar,
Üstündən çox qalın şeylər salsınlar.
Parçaya sarınmış həmin daşlardan
Eləcə sarılı qoyub, açmadan
Buyurdu, daşları yerə tökdülər,
Onlardan böyük bir bina tikdilər.
O sarı torpaqdan palçıq tutaraq,
Bayırdan çəkdilər hasara suvaq.
Hasar içəridən çılpaq divardı,
Çünki bu pərdədə gizli sirr vardı.
Çürüyüb sarğılar töküldü yerə,
Yeddi rəng gövhərlər çıxdı zahirə.
Binalar zahirdən vermirdi ziyan,
Çünki suvaq bardı sarı torpaqdan.
Geyimi soyundu daxildən hasar,
Ölürdü oraya ayaq basanlar.
O hasar daşları bir adam görcək.
Alırdı canını ahənrüba tək,
Şeirdən aydın olur ki, bu daşlar ahənrüba (maqnit) xassəli dəmir filizi deyildir (maqnit əqrəbinə təsir edərək onun istiqamətini dəyişən təsirlə insanı öldürən şüaların təsirini qarışdırmaq olmaz).
Elmə məlumdur ki, təbii maqnit (maqnetit) nə qədər böyük kütləyə malik olsa belə, insana heç bir təsir etmir. Şair çox aydın yazır ki, o ölüm şüaları yayan daşları adamlar gözlərini bağlamaqla qalın parça geyib, onları qalın bez (karbas) parçaya bükdükdən, üstünə yenidən bir neçə qat qalın parça saldıqdan sonra daşımışlar. İsgəndərin göstərişi ilə daşlar binaya bu parçalara bükülü hörülüb, bina eşikdən həmin məkandan gətirilən torpaqla (gillə) suvanıb. Bina içərisindən suvanmadığından bir müddət keçəndən sonra daşların büküldüyü parçalar ovxalanıb tökülmüşdür. Nəticədə, adi geyimlə binanın içərisinə daxil olan hər bir adam şüaların təsirindən o saat ölmüşdür. Bina xaricdən sarı torpaqla suvandığına görə isə binanın eşiyində duranlara təsir etməmişdir. Çünki sarı torpaqdan olan suvaq həmin daşları udmuş, bayıra buraxmamışdır.
Nizami onu da elmi şəkildə izah edir ki, daşlar bir və ya bir neçə misqal olduqda isə çox güclü şüalanır, insanı öldürür. Tədqiqatçılar göstərirlər ki, ən böyük maqnit mənbəyi insanı öldürmür. Şair burada “alırdı canını ahənrüba tək” dedikdə naqniti yox, elektrik cərəyanını nəzərdə tutmuşdur. Nizami “İsgəndərnamə”dən əvvəl yazdığı “Xosrov və Şirin”də də elektrik və maqnit hadisələrini şərh etmişdir.
Mütəfəkkir şair eksperiment aparan mahir təbiətşünas alim kimi göstərir ki, həmin şüaları buraxan daşların (uran filizi) kütlələri artdıqca onlardan ayrılan şüalar da çoxalır. Burada şüalanmanın daşın kütləsindən asılı olması məsələnin dəqiq izahı diqqəti cəlb edir. Həmin prosesi çox böyük dəqiqliklə izah etməklə Nizami fotoeffekt hadisəsinə dair rus alimi A.Stoletovun (1839-1896) söylədiyi fikri 700 il qabaqlamışdır.
Stoletov göstərir ki, fotoeffekt zamanı alınan cərəyanın qiyməti metalın üzərində mənbədən vahid zamanda düşən işıq selinin qiyməti ilə düz mütənasibdir. Fikirlərin müqayisəsinə, məncə, heç bir ehtiyac qalmır.
Dahi Nizami öldürücü şüalar buraxan daşların Afrikada olduğunu da hələ XII əsrdə çox dəqiq və uzaqgörənliklə göstərmişdir. O, radioaktivliyə dair söylədiyi fikirləri ilə isə Bekkereli 700 il qabaqlamışdır.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?