2012-01-12

“Əli və Nino” filmi çox dəyərli olacaq


“Əli və Nino” əsərinin Hollivudda ekranlaşdırılması Azərbaycan üçün əhəmiyyətli olacaq. Bunu ANS-ə açıqlamasında əsərin araşdırıcısı, “Azərbaycan İnternational” jurnalının baş redaktoru Betti Bleyer deyib. Onun sözlərinə görə, Hollivudda “Əli və Nino” filminin rejissoru olacaq Kristofer Hemptonun bu əsəri ekranlaşdırmaq istəyi yaxşı ideyadır: “Kristofer Hempton xeyli sayda film üçün ssenari yazıb. Həmçinin “Oskar” mükafatçısıdır. Çox ciddi bir yazıçıdır.
 
 Həmin filmin ilkin ssenarisini oxudum, çox yaxşı ssenaridir. Hempton çox istedadlı ssenaristdir. Azərbaycanda əsrin əvvəllərində olan inqilab dönəmləri haqqında çox az adamın məlumatı var. İnqilab dövrü dünya tarixinin ən önəmli dövrlərindəndir. Hesab edirəm ki, bu film insanların həmin tarixlə daha yaxından tanış olması üçün dəyərli olacaq. Azərbaycan xalqının azadlıq yanğısı aşılanacaq. Bu film dünyada baş verən siyasi hadisələr və müasir həyat tərzi baxımından çox dəyərli olacaq”.
Məlumat üçün bildirək ki, “Əli və Nino” romanında hadisələr 1918-20-ci illərdə Bakıda cərəyan edir. Azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbəti həmin dövrün gərgin tarixi hadisələri ilə birgə təsvir olunur. 23 yaşlı Əli 1920-ci ildə müstəqil Azərbaycanı - Azərbaycan Xalq Cümhuriyyətini rus-sovet qoşunlarından - Qırmızı Ordunun işğalından müdafiə edərkən şəhid olur.
Qeyd edək ki, Britaniyanın “PeaPie Films” şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək. Filmin icraçı prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?