2012-02-05

Bakı Funikulyorunun təmirdən sonrakı görünüşü :)

May ayının 22-də start götürəcək “Eurovision-2012” mahnı müsabiqəsi üçün paytaxtımıza təşrif buyuracaq turistlərin üz tutacaqları məkanlardan biri də yəqin ki, Bakı Funikulyoru olacaq. Artıq Bakı Funikulyoru xarici qonaqları lazımınca qarşılamaq üçün təmirə dayanıb. Funikulyorun “Eurovision-2012”-nin başlanmasınadək istifadəyə veriləcəyi planlaşdırılır.

Funikulyor “Eurovision-2012”nin startınadək istifadəyə veriləcək

Bakı Funikulyorunda modernləşmə işlərinin necə həyata keçirilməsini və təmirin hansı mərhələdə olmasını görmək üçün üz tutduq Bakı Funikulyoruna. Artıq Funikulyorun ətrafında hasara alınmış ərazinin qarşısında bir fəhlə qarşımızı kəsərək “obyekt”ə girişin qadağan olduğunu bildirdi. Fəhlə Funikulyorun ərazisinə daxil olaraq iş icrasını çağırmağa getdi. Bu zaman isə fotoqrafımız fürsətdən istifadə edərək Funikulyorun ərazisində gedən tikintidən şəkillər çəkməyə başladı. Bir qədər keçdikdən sonra özünü Nazim kimi təqdim edən iş icraçısıbizə yaxınlaşdı. İş icraçısı təmir-tikinti meydançasından çəkiliş aparmağaicazə verilmədiyini qeyd etdi. O, əvvəlcə hər hansı məlumat verməkdən imtina etsə də Funikulyorla bağlı bir neçə məlumat toplamağa müvəffəq olduq. İlk növbədə o məlum oldu ki, Funikulyorda təmir işləri “Foral” adlı xarici bir şirkət tərəfindən həyata keçirilir. Funikulyorda təmirin “Eurovision-2012” mahnı müsabiqəsinin startınadək yekunlaşdırılacağı planlaşdırılır. Hazırda ərazidə möhkəmləndirmə və relslərin dəyişdirilməsi işi həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra Funikulyor üçün yeni qatarların alınması da planlaşdırılır. Bakı Funikulyorunun modernləşməyə məruz qalan hissələrindən biri də gözləmə zalıdır.Ərazidə olduğumuz zaman köhnə gözləmə zalının söküldüyü, yerində yenisinin tikintisinə başlanıldığını gördük. Bundan başqa Funikulyorun stansiyalarının şüşədən qurulacağı və piramidə formasında olacağı bildirildi. Ərazidə işləyən fəhlələrlə söhbətimizdə o da məlum oldu ki, bu Funikulyorla bağlı yeniliklərin hələ hamısı deyil. Təmir zamanı Funikulyorun rels xəttinin də uzadılması nəzərdə tutulub. Artıq Funikulyorun qarşısında olan Bəhramgurun heykəlinin ərazisi də təmir edilməyə başlayıb.

Təmirdən sonra Funikuliyorda gediş haqqı nə qədər olacaq?

Ərazidə olduğumuz zaman əldə etdiyimiz məlumatları dəqiqləşdirmək və bizi maraqlandıran digər suallara cavab tapmaq məqsədilə aidiyyəti qurumlarla əlaqə saxlamaq qərarına gəldik. İlk olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsi ilə əlaqə saxladıq. İdarədən bizimlə danışan və özünü təqdim etmək istəməyən şəxs məsələ ilə bağlı suallarımıza cavab verməkdən imtina etdi. O, suallarımızı dinləyərək Bakı Funikulyorunda təmir işləri ilə bağlı heç bir məlumatının olmadığını qeyd etdi. Bundan sonra açıq qalmış suallarımızı Səbail rayon İcra Hakimiyyətinə ünvanladıq. Ancaq Səbail Rayon İcra Hakimiyyətindən də bizə Funikulyorun onların rayonlarının ərazisinə daxil olduğunu bildirsələr də təmirin gedişi və Bakı Funikulyorandakı yeniliklər haqqında məlumatlı olmadıqlarını bildirdilər. Son olaraq Funikulyor İdarəsi ilə əlaqə saxlasaq da buradan da təmirin özəl şirkət tərəfindən aparıldığını əsas gətirərək suallarımızı cavabsız qoydular. Bununla da aidiyyəti qurumlara ünvanladığımız “Bakı Funikulyoru təmirdən sonra konkret hansı tarixdə istismara veriləcək”, “təmirdən sonra Funikulyorun dəmiryol xətti neçə metrə çatdırılacaq”, “Funikulyorun modernləşdirilməsindən sonra gediş haqqında artım olacaqmı”, “yeni alınacaq funikulyor qatarlarının sərnişin tutumu nə qədər olacaq”, “Yeni vaqonlarda sürət nə qədər olacaq” kimi suallarımız açıq qalmış oldu.

52 yaşlı Bakı Funikulyoru

Sonda onu xatırladaq ki, Bakı Funikulyoru 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. İndiyə kimi funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. Son təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi.














0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?